Infolab

COVID-19 infeksiyasının kompleks laborator diaqnostikası

2019-cu ilin dekabr ayında aşkar edilmiş Koronavirus, COVID-19 (CoronaVirus Disease 2019) SARS-CoV-2 virusu tərəfindən törədilən və bu virusun yeni ştammı nəticəsində yaranan kəskin respirator xəstəlikdir. Xəstəlik, immun sistemi zəif insanlar, xüsusilə yeni doğulmuşlar, uşaqlar, yaşlılar, hipertenziya, şəkərli diabet və tənəffüs sisteminin xroniki xəstəlikləri olanlar üçün daha çox təhlükəlidir.

Virus orqanizmə daxil olduqdan sonra yuxarı və aşağı tənəffüs orqanlarının epitelisində çoxalmağa başlayır. Nəticədə alveositlərin (ağciyərdə yerləşən hüceyrələr) diffuz zədələnməsi və pnevmoniya müşahidə olunur. Eyni zamanda, hüceyrə membranlarının keçiriciliyi artır, interstisial və alveolyar ödem inkişaf edir, alveolların dağılması baş verir. Bununla da, normal qaz mübadiləsi prosesi pozulduğu üçün kəskin respirator distress-sindrom (nəfəsalmanın çətinləşməsi) inkişaf edə bilər. İnfeksiyaya yoluxduqdan sonra iki həftə ərzində əsas COVID-19 simptomlarını - qızdırma, öskürək, nəfəs darlığı, ishal müşahidə etmək mümkündür. Digər simptomlar arasında isə burun axması, iybilmə qabiliyyətinin itməsi, baş ağrısı, zəiflik və ürəkbulanma var.

SARS-CoV-2 tərəfindən törədilən infeksiya həm yüngül gedişatlı kəskin respirator infeksiya kimi, həm də viruslu pnevmoniya ilə ağırlaşan və nəticədə tənəffüs çatışmazlığına səbəb olan ağır formada keçə bilər. İnfeksiyanın mənbəyi, inkubasiya dövründə olanlar da daxil olmaqla xəstə insandır. Virusun asimptomatik daşınmasına da rast gəlmək mümkündür. Əksər hallarda asimptomatik daşıyıcılar uşaqlar və gənc yetkinlər olur. Onlarda xəstəlik əlamətləri müşahidə olunmasa da, virusu kontaktda olduqları xəstə insanlardan digər insanlara ötürə bilərlər.

Xəstəliyin mümkün gedişatı:
• Simptomsuz
• Yüngül formada, lakin yuxarı tənəffüs yollarının zədələnməsi ilə
• Orta-ağır formada, pnevmoniyanın yaranması, lakin tənəffüs    çatışmazlığı olmadan
• Ağır formada, pnevmoniya fonunda tənəffüs çatışmazlığı ilə
• Həddən artıq ağır formada, poliorqan çatışmazlığı ilə

Xəstələrin 80-85%-i xəstəliyi yüngül, 14-16%-i ağır keçirir və onların xəstəxanaya yerləşdirilməsi tələb olunur, 5%-də isə infeksiyanın olduqca ağır gedişatı müşahidə olunur. Xəstəliyin orta inkubasiya dövrü 5-6 gün təşkil edir, lakin bu dövr 14 günə, bəzi mənbələrə görə isə hətta 24 günə qədər uzana bilər.


COVID-19-a qarşı əkscisimlərin günlər üzrə yaranma qrafiki

COVID-19 üçün kompleks laborator müayinələrə daxildir:

1. Virusun RNT PZR (PCR) üsulu ilə müayinəsi
2. Qanda Koronavirusa qarşı spesifik əkscisimlərin təyini - IgM, IgG

Əkscisimlər və ya immunoqlobulinlər (antibody), virusun orqanizmə daxil olmasına cavab kimi immun sistem tərəfindən sintez edilir.

IgM əkscisimləri xəstəliyin başlamasından sonra  5-7-ci sutkada əmələ gəlir. Bu əkscisimlərin qanda aşkar olunması hal-hazırda olan infeksiyanı əks etdirir. Sağaldıqca bu əkscisimlərin səviyyəsi də azalır.

IgG əkscisimlərin sintezi isə daha sonra başlayır və keçirilmiş infeksiyadan 10-14 gün sonra maksimum səviyyəyə çatır. COVID-19-a qarşı IgG aşkar edilməsi virusa yoluxmuş şəxsin sağalma mərhələsində olması və ya daha öncə Koronavirus infeksiyasına yoluxmasından xəbər verir.

Əgər insanda eyni zamanda həm IgM, həm də IgG əkscisimləri təyin olunarsa, xəstəliyin asimptomatik gedişatı qeyd edilir və yoluxmanın 10-14 gün əvvəl baş verdiyi ehtimal olunur. Bu müddət ərzində infeksiyanın başqalarına ötürülmə riski yüksəkdir. İzolyasiya qaydalarına riayət etmək tövsiyə olunur.

Polimeraz Zəncirvari Reaksiya (PZR) - Bu üsul materialda virusun genetik spesifik fraqmentlərinin olmasına əsaslanır. RNT SARS-CoV-2-nin müsbət laborator nəticəsi əsasında diaqnoz təsdiqlənir. PZR üsulu ilə virusun genetik materialı infeksiyadan bir neçə gün sonra insan orqanizmində aşkar olunur. Bu hal, həm  xəstəliyi, həm də xəstəliyin asimptomatik gedişatını müəyyən etməyə imkan verir.