Медицинская информация

Dişlərə qulluq vasitələri və növləri

Düzgün diş məcunu seçimi nəinki ağız boşluğunun sağlamlığı eləcə də bütün orqanimzin sağlamlığı deməkdir. Heç düşünmüsünüz neçə cür diş məcunu mövcuddur? Supermarketlərdəki seçimlərə fikir versək, düşünmək olar ki, dünyada saysız növdə diş məcunu istehsal olunur. Lakin bu belə deyil. Ümumilikdə diş məcunları 5 əsas kateqoriyaya bölünürlər.

  • Uşaqlar üçün olan diş məcunlarının tərkibində daha az flüor və cilalayılıyı maddələr olur çünki, uşaqların dişləri daha həssas və zədələnməyə meyillidir. Flüor diş minasını zədələyici turşuların təsirindən qoruyan mineraldır. 6 yaşa qədər uşaqlar üçün tərkibində 1,000 ppmF, 6 yaş və böyüklər üçün 1450 ppmF olması nəzərdə tutulur. Uşaqların daha rahat istifadəsi üçün meyvə tamlı əlavələr istifadə edilir.
  • Soyuq və istiyə qarşı  həssas dişlər üçün kalium nitrat ilə zəngin diş məcunları geniş istifadə olunur. Kalium nitrat diş minasını zədələnmədən qoruyaraq,  sinirləri bloklayır və ağrı hissini azaldır. Bu diş məcunlarının tam effektini görmək üçün 3 – 4 həftə istifadə edilməlidir.
  • Ağardıcı məcunlar. Vaxt keçdikcə dişlər siqaret, çay, kofe, qazlı və spirtli  içkilərin təsirindən sarala bilirlər. Bu məcunların tərkibində cilalayıcı maddələrin miqdarı yüksək olduğundan bir müddətdən sonra diş minasını zədələməyə başlayır, bu səbəbdən, istifadəsi digər məcunlar ilə birlikdə olmalıdır.
  • Diş ərpinə qarşı məcunlar ən geniş yayılmış diş məcunlarına aiddir. Tərkibindəki natrium pirofosfat və natrium heksametafosfat turşuları diş ərpinin yaranmasının qarşını alır. Lakin unutmaq lazım deyil ki, bu diş məcunları profilaktik məqsədlərlə istifadə edilməlidir. Diş ərpindən əziyyət çəkən şəxslər professional təmizləmə üçün mütləq stomatoloqa müraciət etməlidirlər.
  • Bitki tərkibli məcunlar normal diş məcunlarına qarşı həssas və ya tərkibində olan maddələrə allergiyası olan şəxslər üçün tövsiyyə olunur. Bu məcunların tərkibində flüor olmadığından diş minası zədələnməyə məruz qala bilər. Belə hallarda stomatoloqla konsultasiya edilməli və düzgün dişlərə qayğı vasitəsi seçilməlidir.

Ağız boşluğunun sağlamlığı hər səhər dişlərin fırçalanmasından başlayır. Baxmayaraq ki, dişlərin fırçalanma qaydası ağız boşluğu sağlamlığına birbaşa təsir göstərir, düzgün diş fırçası seçimi hər zaman çox önəmlidir. Ümumi götürdükdə, diş fırçalarının fərqli növləri çoxdur. Bunlardan ən geniş yayılmışları aşağıdakılardır.

  • Manual – hər birimizin evində tapılan və dünyada ən çox istifadə olunan diş fırçası növüdür. Əsasən gövdədən və ucluqdan ibarət olur və ucluqların müxtəlifliyinə görə fərqlənirlər. Məsələn, düz və ya ziqzaqvari kəsim, normal qalınlıqda və ya ultra nazik, dairəvi və ya dördbucaq formasında və s.
  • Elektrik – üstünlüyü ondan ibarətdir ki, sadə fırçanın çata bilmədiyi hissələri asanlıqla təmizləyir və bütün ağız boşluğunu eyni intensivlikdə təmizləyə bilir. Elektrik diş fırçaları titrəmə hərəkətlərinə görə fərqlənir. Məsələn, sadə (öz oxu ətrafında) fırlanan, mürəkkəb (müxtəlif ox istiqamətində) fırlanan, iki başlıqlı, ultrasəs. Mürəkkəb elektrik diş fırçaları həm damaqları massaj edir, həm dişlərin diblərini dərindən təmizləyir. İki başlıqlı – dişlərin səthini hər iki tərəfdən effektiv təmizləyir. Ultrasəs diş fırçaları kiçik miqyaslı ultrasəs dalğaları buraxaraq, diş ərpinin qarşısını alır.
  • Dişlərarası fırça – adından da görsəndiyi kimi, bu fırçalar sırf dişlər arasında olan boşluqları təmizləmək üçün nəzərdə tutulub. Nazik və dəyişəbilən başlıqlardan ibarət olan bu diş fırçası adətən yemək qəbulundan sonra istifadə olunur. Dişlərin arasında qalmış yemək qalıqlarını çox asanlıqla təmizləyir və diş məcunu olmadan istifadə olunur.
  • “Sulca” fırçası – adətən diş və diş əti arasında olan məsafəni təmizləmək üçün istifadə olunur. Deformasiya olmuş dişlər və ya müvəqqəti itirilmiş dişlərin yerini təmizləmək üçün ideal vasitədir. Erqonomik quruluşu həm dişlərin üz tərəfindən həm iç tərəfindən təmizləməyə imkan verir və buna görə iki başlıqlıdır. Başlıqlar çox xırda sivri formada toplanmış tükcüklərdən ibarətdir və asanlıqla dəyişdirilə bilir.
  • “End-tuft” fırçası – sadə diş fırçalarının çata bilmədiyi məsəfələri təmizləmək üçün istifadə edilir. Başlıq hissəsi dairəvidir və sıx toplanmış tükcüklərdən ibarətdir. Bu diş fırçaları xüsusi ilə ağız boşluğunda ortodontik strukturlar istifadə edən (breket, implant, körpü, protez)  şəxslər üçün tövsiyyə edilir.

Dişlərin sağlamlığı xüsusi ilə önəmlidir, çünki birbaşa bizim qidalanmağımıza, gülümsəməmizə, danışığımıza və hətta emosilayarımızı aydın ifadə etməyimizə belə təsir göstərir. Bəs dişlərimizi necə düzgün fırçalayaq? Gəlin, dişlərin düzgün fırçalanma qaydasını bir daha gözdən keçirək.

Sizə zəng edək?

Ad Soyad

Əlaqə nömrəsi