Медицинская информация

Menopauza

Klimaks və ya menopauza – insan həyatında fiziolojı dövrdür. Qadında menstruasiyanın (aybaşı) ardıcıl olaraq 12 ay olmamasına deyilir.

ÜST təsnİfatına görə bu proses üç dövrə bölünür:
Premenopauza – İlk simptomlardan menopauzaya qədər olan dövrü əhatə edir. Yumurtalıqlarda follikulların fəaliyyəti yavaşlayır. Tsikllər qeyrimüntəzəm olur. Bu proses bir neçə ay və ya il davam edə bilər.
Menopauza – Bu, qadınlarda menstrual tsiklin (aybaşı) ardıcıl 12 ay olmamasına deyilir.
Postmenopauza – Menopauzadan qocalığa qədər olan 6-8 illik dövrü əhatə edir.
Menopauzanın səbəbləri  klimaksın başlamasına səbəb yumurtalıqların fəaliyyətinin dayanması və qanda qadın cinsi hormonlarının (estrogen və progesteron) səviyyəsinin aşağı düşməsidir. 
Menopauzanın başlaması üçün orta yaş 51 yaşdır. Bəzi qadınlarda bu 40-45 yaşlara da təsadüf edə bilər. Belə hallara erkən menopauza deyilir. Əgər menopauza 40 yaşa qədər başlayırsa, bu vaxtından tez başlayan menopauzadır.

Menopauzanın hansı simptomları var?
Əsas və mütləq simptom menstruasiyanın 1 il ərzində olmamasıdır.

Digər simptomlar:

  • istilik gəlmələri
  • sifətin qızarması
  • normadan artıq tərləmə (əsasən gecələr)
  • ürək döyüntüsünün artması
  • uşaqlıq yolunda quruluq
  • cinsi istəksizlik
  • ağrılı cinsi əlaqə
  • çəki artması
  • əhval-ruhiyyənin tez-tez dəyişməsi
  • depressiya
  • yaddaş pozulması
  • yuxusuzluq


45 yaşdan yuxarı bütün qadınlara ildə 2 dəfə ginekoloq müayinəsindən və aşağıda qeyd olunan digər profilaktik müayinələrdən keçmək tövsiyə olunur.

Bu profilaktik müayinələrə aşağıdakılar aiddir:

  • Hər bir qadın üçün ildə bir dəfə ginekoloq tərəfindən mammoqrafiya təyin olunur.
  • Kiçik çanaq orqanlarının ultrasəs müayinəsi (USM)
  • Hormonal analizlər (həkim tərəfindən təyin edilir)
  • Yaxmanın kliniki analizi
  • Sidiyin kliniki analizi
  • Sitoloji yaxma (PAP-smear)
  • Qanın biokimyavi analizi (həkim tərəfindən təyin edilir)

İlk öncə qeyd edək ki, menopauza xəstəlik deyil. Buna baxmayaraq, qanda qadın hormonlarının miqdarının az olmasının nəticələri ciddi şəkildə tibbi nəzarət, hətta müalicə də tələb edə bilir.
Menopauzanın nəticələrinin müalicəsi və profilaktikasına 2 əsas yanaşma var:
– Əvəzedici hormonal terapiya (hormonal müalicə)
– Fitoterapiya (bitki tərkibli dərmanlar) və vitaminoterapiya

Menopauza dövrü ilə bağlı məsləhətlər 

  • Siqaretdən imtina edin.
  • Boyunuz üçün normal olan çəkinizi saxlayın. Adətən normal çəkidə olan qadınlarda istilik gəlmələri olmur.
  • Piyada gəzin, fitness və ya idmanla məşğul olun. Fiziki aktivlik qanda xolesterinin miqdarını azaldır, əhval-ruhiyyəni və libidonu yaxşılaşdırır, əzələ tonusunu yüksəldir və yuxusuzluğa qarşı faydalıdır.
  • Tənəffüs hərəkətləri edin (səhərlər və axşamlar yuxudan əvvəl 15 dəqiqə dərin, bərabər nəfəs alma).
  • Masajdan istifadə edin.
  • Sağlam qidalanın (bol miqdarda meyvə və tərəvəz).
  • Normal yuxu rejiminə riayət edin.
  • Yuxudan ən azı 3-4 saat əvvəl kofe və alkoqoldan istifadə etməyin.
  • Yatmazdan öncə kitab oxuyun və ya gərginliyinizi azaldan musiqiyə qulaq asın.
  • Yataq otağınızı qaranlıq, sakit və sərin edin.Bu, keyfiyyətli yuxu üçün ideal şəraitdir.

 

Menopauzanın qarşısını almaq mümkün deyil. Lakin, mütəmadi şəkildə həkim tərəfindən təyin olunan müayinələrdən keçərək menopauza simptomlarını minimuma endirmək olar.


Könül Eyvazova - Mama Ginekoloq

Sizə zəng edək?

Ad Soyad

Əlaqə nömrəsi