Məqalələr

Xoruldamaq

Xoruldama  hər kəsdə rast gəlinə biləcək bir vəziyyətdir.  Daha çox  artıqçəkili kişilərdə rast gəlinir.  Yaş artdıqca  xoruldama daha da güclənir. Arada bir xoruldama ciddi bir patologiya deyildir və həyat keyfiyyətinə təsir göstərmir.  Lakin adəti hal aldıqda yuxunun keyfiyyətini aşağı salaraq gün ərzində yorğun olmanıza gətirib çıxarır. Xorultu ağız və burundan hava axını bağlı olduğu zamanı yaranır.

Mümkün səbəblər:

  • Burun çəpərinin ayrı olması
  • Burunda polip
  • Allergiya nəticəsində burun tutulması
  • Boğaz və dildə zəif əzələ tonusu
  • Badamcıq və adenoidlərin böyük olması
  • Həcmli boğaz toxuması (artıqçəkili insanlarda tez-tez rast gəlinir)
  • Yumşaq damaq və/və ya dilçəyin normadan uzun olması

Xoruldama ilə əlaqəli sağlamllıq riskləri

Xoruldama adəti hal aldıqda ciddi sağlamlıq problemlərinə yol aça bilər ki, bura yuxuda apnea aiddir. Yuxu apneası yuxu zamanı tənəffüsün qısamüddətli dayanmasıdır.  Apneanın yaratdığı problemlər:

  • Yuxudan tez-tez ayılma (özünüz hiss etməsəniz belə)
  • Yuxunun yüngül olması, dərin yata bilməmək
  • Qanda oksigen səviyyəsinin aşağı olması
  • Xroniki baş ağrıları
  • Yuxu zamanı öskürək və boğulma
  • Artıq çəki
  • Günorta vaxtı yuxululuq və əzginlik

Uzunmüddətli apnoe həmçinin yüksək qan təzyiqi və ürəyin genişlənməsinə səbəb ola bilər.

Müalicəsi:

İlk növbədə həyat tərzində dəyişiklik etmək -  çəkini azaltmaq, sağlam qidalanmaq, yatmazdan öncə dərman qəbulundan qaçınmaq, hər gün eyni vaxtda yatmaq  tövsiyə edilir. Yatarkən yatağın baş tərəfini 10 sm-ədək qaldırmaq da tənəffüs yollarına hava daxil olmasını asanlaşdırır. Bu üsullar yardım etmədiyi zaman həkim tərəfindən nazal steroid sprey və ya nazal striplər təyin edilə bilər.

Xorultuya fiziki blok səbəb olarsa bu zaman törədən səbəbdən asılı olaraq cərrahi müdaxiləyə ehtiyac duyula bilər.