Hepatit D nədir?
Hepatit D, qaraciyərin iltihabı ilə müşayiət olunan virus mənşəli bir infeksiyadır. Bu infeksiya Hepatit B virusu ilə eyni vaxtda (koinfeksiya) və ya Hepatit B-yə yoluxmuş şəxslərdə sonradan (superinfeksiya) baş verir.
Hepatit D virusu (HDV) təkbaşına yoluxucu deyil, yalnız Hepatit B virusu (HBV) ilə birlikdə aktivləşə bilir.
Hepatit D-nin növləri
Hepatit D, Hepatit D virusu (HDV) tərəfindən törədilir. Bu virus yalnız Hepatit B virusunun köməyi ilə çoxala bilir.
Yəni HDV-yə yalnız HBV infeksiyası ilə birlikdə və ya sonra yoluxmaq mümkündür.
1. Koinfeksiya:Hepatit B və D viruslarına eyni vaxtda yoluxma halıdır. Əlamətlər adətən Hepatit B-yə bənzəyir, lakin birlikdə olduqda xəstəlik daha ağır keçə bilər.
2. Superinfeksiya:Artıq Hepatit B virusu daşıyıcısı olan bir şəxsin sonradan Hepatit D-yə yoluxmasıdır.
Bu zaman:
- Əvvəlki əlamətlər yenidən baş qaldıra bilər.
 - Xəstəlik çox vaxt xroniki hala keçir.
 - Qaraciyərə uzunmüddətli zərər verə bilər.
	
Xəstəlik əlamətləri hansılardır?
 
Hepatit D əlamətləri digər hepatit növləri ilə oxşardır:
- Qızdırma
 - Qarın ağrısı
 - Ürəkbulanma, qusma
 - İştahsızlıq
 - Tünd rəngli sidik
 - Açıq rəngli nəcis
 - Dəri və görünən selikli qişalarda sarılıq
HDV mövcud olduqda Hepatit B əlamətləri daha da ağırlaşa bilər.Necə yoluxur?
 
Viruslar qan və bədən mayeləri ilə təmas zamanı keçə bilər:
- Cinsi əlaqə
 - İynələrin və narkotik alətlərinin paylaşılması
 - Təsadüfi iynə batmaları
 - Doğuş zamanı (nadir hallarda anadan körpəyə keçə bilər)
 
Risk faktorları:
Hepatit D-yə yoluxma riski aşağıdakı şəxslərdə daha yüksəkdir:
- HBV/HDV daşıyıcısı ilə eyni evdə yaşayanlar və ya cinsi əlaqədə olanlar
 - HBV daşıyıcısı olanlar
 - Səhiyyə işçiləri və digər yüksək riskli peşələrdə işləyənlər
 - Hemodializ xəstələri
 
Mümkün ağırlaşmalar:
- Qaraciyər sirrozu (çapıq toxuma)
 - Qaraciyər çatışmazlığı
 - Hepatosellulyar karsinoma (qaraciyər xərçəngi)
	
Diaqnostika
 
Qan analizləri: Virusun özü və ya ona qarşı anticisimlər yoxlanılır.
Görüntüləmə metodu: Qaraciyərin vəziyyətini qiymətləndirmək üçün ultrasəs  üsulunda istifadə olunur.
 Gedişat və proqnoz
Kəskin HDV infeksiyaları çox nadir hallarda ölümcül olur, amma tam sağalma həftələr/aylar çəkə bilər.Superinfeksiya olanların çoxunda xroniki hepatit D inkişaf edir.70%-ə qədər xroniki xəstədə uzunmüddətli qaraciyər zədələnməsi nəticəsində sirroz inkişaf edə bilər
Qarşısını almaq mümkündürmü?
Hepatit D üçün spesifik peyvənd yoxdur.Lakin Hepatit B peyvəndi həm də Hepatit D-dən qoruyur, çünki HDV yalnız HBV ilə birlikdə aktiv olur.
Profilaktik tədbirlər:
- Hepatit B-yə qarşı tam(bütün dozaları ilə) peyvənd olunmaq
 
Hepatit B daşıyıcıları üçün:
- Qan və ifrazatla təmasda steril əlcək taxmaq
 - İynə və narkotik avadanlıqlarını paylaşmamaq
 - Şəxsi gigiyenik əşyaları başqaları ilə bölüşməmək
 - Lazım gələrsə HBV-yə qarşı antiviral müalicə almaq:Hamilə qadınlarda HBV/HDV varsa, körpəyə doğuşdan sonra peyvənd və müalicə tətbiq edilir.
 - Günlük həyat və özünə qulluq
 - Alkoqoldan uzaq durmaq – qaraciyərə zərəri artırır
 - Siqaret çəkməmək və ya tərgitmək
 - Çəkini nizamda saxlamaq və qaraciyər dostu qidalarla qidalanmaq
 - Müntəzəm olaraq həkimə nəzarətə getmək və analizləri izləmək
 
Hepatit D-nin fərqli xüsusiyyəti ondadır ki, bu virus öz-özünə deyil, yalnız Hepatit B ilə birlikdə aktivləşə bilir.Bu səbəbdən Hepatit B-yə qarşı görülən bütün tədbirlər eyni zamanda Hepatit D-nin də qarşısını alır.Əgər xroniki infeksiyanız varsa, qaraciyər sağlamlığınızı qorumaq üçün mütəmadi nəzarət və həkimlə əməkdaşlıq vacibdir.
