Konfranslar

Sağlam ailə – Sağlam cəmiyyət – Güclü dövlət

20 fevral 2015-ci il tarixində Azərbaycan Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi, Gənclər Təşkilatları Milli Şurası və Sağlam Ailə Tibb Mərkəzinin birgə təşkilatçılığı ilə “Sağlam ailə – Sağlam cəmiyyət – Güclü dövlət” konfransı təşkil olunub.

Konfransın keçirilməsində əsas məqsədi nikaha daxil olan şəxslərin nikahdan əvvəl tibbi müayinədən keçməsi ilə bağlı “Azərbaycan Respublikasının Ailə Məcəlləsində dəyişikliklər edilməsi haqqında” 2014-cü il 17 oktyabr tarixli Qanunun tətbiqidir.

Konfransı giriş sözü ilə açan Azərbaycan Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini xanım Aynur Sofiyeva ailələrlə bağlı statistik göstəricilərdən bəhs edib. O, Azərbaycanda 2 milyon ailə olduğunu, hər il orta hesabla ölkədə 80 mindən çox nikah qurulduğunu, respublikamızda olan boşanma hallarının 60-70%-nin ailələrdə uşağın olmamasına görə baş verdiyini, hər il Azərbaycanda 300-ə yaxın talassemiyalı uşağın doğulduğunu bildirib.

Milli Məclisin Sosial siyasət komitəsinin sədr müavini Musa Quliyev qanundakı çıxışı zamanı bu dəyişikliyin cəmiyyət tərəfindən tələb edildiyini qeyd edib. Sözügedən qanunun 15 il müzakirə olunduğunu və zaman keçdikcə müəyyən maarifləndirmə işləri aparıldıqdan sonra ictimaiyyət tərəfindən qəbul edildiyini bildirən M.Quliyev Azərbaycanda ildən-ilə xəstə doğulan uşaqların sayının artdığını və bütün bunların xəstə insanların evlənməsi nəticəsində baş verdiyini bildirib.

Bu gün Azərbaycanda 2000-dən çox hemofiliyalı, 2500-dən çox isə talassemiyalı uşağın olduğunu, həmçinin ölkədə 5000-dən çox insanın ruhi dispanserdə müşahidəyə götürüldüyünü söyləyən millət vəkili, bu halların qarşısını almaq üçün belə bir qanuna ehtiyacın vacibliyindən danışıb.

Tədbirdə çıxış edən Sağlam Ailə Tibb Mərkəzlərinin İctimaiyyətlə Əlaqələr şöbəsinin rəhbəri Nigar Rüstəmli nikahdan əvvəl tibbi müayinənin əhəmiyyətindən bəhs edib.

Konfransda sözügedən mövzu ətrafında millət vəkilləri Kamilə Əliyeva, Sahibə Qafarova, Milli Məclisin Sosial Qanunvericilik şöbəsinin müdiri Adilə Abbasova, 1 saylı Bakı ASAN Xidmət Mərkəzində Ədliyyə Nazirliyinin Qeydiyyat şöbəsinin rəisi Rəşidə Mənəfova, Səhiyyə Nazirliyinin Tibbi Yardımın Təşkili şöbəsinin müdir müavini Səkinə Qurbanova, Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasının sədri Şahin Seyidzadə, Hemofiliyalı xəstələrin Respublika Assosiasiyasının sədri Gülnarə Hüseynova da çıxış edib.