Ürək və damarlar

Hazırda Azərbaycanda ölümə səbəb olan xəstəliklər sırasında birinci yerdə qan dövranı sistemi xəstəlikləri gəlir.Bütün dünyada olduğu kimi, Azərbaycanda da qan-damar dövranı sistemi xəstəlikləri ötən il insanlar arasında ən çox təsadüf olunan xəstəlik olmaqla yanaşı ürək-damar sistemi xəstəlikləri 10-15 il cavanlaşıb. İnfarkt kişilərdə daha çox 55-65, qadınlarda isə 60-70 yaş arasında baş verir.

Ürək-damar sistemi xəstəliklərinin əmələ gəlməsinin əsas səbəbi ateroskleroz hesab edilir. Ateroskleroz zamanı arteriyanın divarı qalınlaşır, bir qədər də bərkiyərək öz elastikliyini itirir. Arteriyaların daxili qatında yağa oxşar tərkibli maddələrin (onların əsas hissəsini xolesterin təşkil edir) çökməsi - yığılması baş verir.Bu proses davam etdikcə, damar divarı daralmağa başlayır ki, bunun da nəticəsində ürək, beyin və digər üzvlərin qanla təchiz olunması pisləşir.

Aterosklerozun yaranmasının və sonrakı inkişafının qarşını alan əsas faktorlar aşağıdakılardır:

  • Xəstəliyin profilaktikası, düzgün və vaxtında müalicə olunması;
  • Siqaret və alkoqol içkilərdən imtina etmək;
  • Arterial təzyiqin və qanda şəkərin miqdarının normallaşdırılması;
  • Ürək-damar sisteminin fəaliyyətini möhkəmləndirən, arterial təzyiqi normallaşdıran və s. qoruyucu dərman preparatlarının qəbul edilməsi;
  • Düzgün qidalanma (rasionda duzlu, yağlı, qızardılmış yeməklərin kəskin şəkildə məhdudlaşdırılması; təzə meyvə, tərəvəz, sıyıqlar, yağsız süd məhsullarına əsas yer verilməsi);
  • Artıq çəki ilə mübarizə aparmaq;
  • Fiziki aktivlik.

Emosional və fiziki gərginlik zamanı, ürək daha çox işlədiyi üçün, ürək damarlarının daralması səbəbindən ürəyə kifayət qədər qan gəlmir. Belə olan halda ürəyin hansısa kiçik bir hissəsinin kifayət qədər qan almaması səbəbindən, ürək nahiyəsində ağırlıq, sıxılma kimi narahatedici hissiyyatlar əmələ gəlir. Bu hissiyyatlar sonradan ağrı hissiyyatı ilə də əvəz oluna bilərlər. Bu xəstəlik stenokardiya adlanır. Bu hal uzun müddət ərzində, saatlarla davam edərsə, bu, müəyyən bir sahədə ürək əzələsinin (miokardın) məhv olmasına (infarktına) səbəb ola bilər.

Ürəyin qidalanmasının pisləşməsi nəticə etbarı ilə, ürək əzələlərində tədricən birləşdirici toxumanın (çapıq) artmasına səbəb olur ki, bu da son nəticədə kardioskleroz (“skleroz” – çapıq) adlanan patoloji dəyişikliyə səbəb olur. Kardioskleroz isə öz növbəsində, ürək ritminin pozulmasının (aritmiya) və ürək çatışmazlığı yaranmasının səbəbi ola bilər.

Beyinin damarlarının aterosklerozu əmək qabiliyyətinin (xüsusilə, əqli iş qabiliyyətinin) azalması, yaddaşın pisləşməsi, tez yorulma kimi əlamətlərlə özünü büruzə verir. Beyin damarlarının tutulması nəticəsində isə insult (beyin toxumasının müəyyən bir sahədə məhv olması) baş vermiş olur.

Aşağı ətraf damarlarının aterosklerozu zamanı fasiləli axsama adlanan patoloji hal baş verir: gəzərkən insanı dayanmağa məcbur edən ağrı və ya “qarışqa yeriməsi” hissiyyatı. Dayanandan sonra ağrı keçib gedir. Fasiləli axsama insan yeriyərkən, aşağı ətraf əzələlərinin daha çox işləməsi zamanı onların kifayət qədər qan kütləsi ilə təmin oluna bilməməsi səbəbindən baş verir.

Ateroskleroza məruz qalmış insanların bir çoxu uzun müddət ərzində heç bir narahatlıq hiss etmədən yaşayırlar. İllər keçdikcə, damarlarda olan aterosklerotik proseslər artmaqda davam etdiyi üçün xəstəliyin əlamətləri də üzə çıxmağa başlayır.

(+994 55)4000910 whatsapp və (012) 910 Çağrı mərkəzi ilə əlaqə saxlayıb ətraflı məlumat ala bilərsiniz.